Wednesday, November 25, 2015

Məmmədəli Hüseynov və əsas tədqiqatları

 Məmmədəli Murad oğlu Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Molla Cəfərli kəndində anadan olmuşdur. Uşaqlıq illərini doğma kəndində keçirmiş və orta məktəbi qurtaran kimi hərbi xidmətə çağrılmışdır. 1941-1945-ci illər müharibəsi cəbhələrində qanlı döyüşlərdən keçmiş gənc Məmmədəli Hüseynov 1946-cu ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1951-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
M.M.Hüseynov azıxantropun alt çənəsini tədqiq edir.

 M.M.Hüseynov Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Tarixi muzeyində işə başlamışdır.
 Hələ Universitetdə oxuyarkən Məmmədəli müəllimin əsas arzusu Azərbaycan ərazisini qarış-qarış gəzib daş dövrü abidələrini müəyyən etməkdən ibarət olmuşdur. Məhz bu məqsədlə M.Hüseynov 1953-cü ilin noyabr ayında görkəmli paleolitşünas alim professor Ş.N.Zamyatin ilə birlikdə Azərbaycanın Şamaxı, Mərəzə və Qazax rayonları ərazisində daş dövrü abidələrini müəyyən etmək məqsədilə arxeoloji kəşfiyyat işləri aparmışdır. Kəşfıyyat işləri zamanı ən yaxşı elmi nəticə Qazax rayonunun Damcılı düşərgəsindən əldə olunmuşdur. Düşərgədə aparılan arxeoloji kəşfiyyat qazmtısı zamanı mustye, mezolit və neolit mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Azərbaycan ərazisində qədim insan məskənlərinin öyrənilməsi üçün 1956-cı ildə Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası təşkil olunmuşdur. 



Onun rəhbərliyi altında 1956-1958-ci illərdə Qazax rayonu ərazisində olan Damcılı mağara düşərgəsində  arxeoloji qazıntı işləri aparılmış və paleolit mədəniyyətinə aid zəngin maddi mədəniyyət nümunələri tapılmışdır.
 1958-ci ildə M.Hüseynov Qazax rayonu ərazisində kəşfiyyat işləri də aparmış və Daşsalahlı mustye düşərgəsini aşkar etmişdir. Daşsalahlı düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı mustye mədəniyyətinə aid zəngin elmi materiallar tapılmışdır.
 M.M.Hüseynov 1960-cı ildə Tbilisi şəhərində olan Arxeologiya, Etnoqrafiya və Tarix İnstitutunun Elmi Şurasında "Aveydağ paleolit düşərgələri" adlı namizədlik dissertasiyasmı müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır.
 1960-cı ilin iyun-iyul aylarında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Qarabağın Quruçay və Köndələnçay vadilərində apardığı arxeoloji kəşfiyyat işləri zamanı dünya şöhrətli Azıx və Tağlar paleolit düşərgələrini qeydə alıb və kompleks şəkildə arxeoloji qazıntılar aparmışdır.
 Çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələri Quruçayın sol sahilində olub, Füzuli şəhərindən 16 km aralıda, Tuğ çökəkliyində yerləşir. 1960-1986-cı illərdə Azıx qədim insan düşərgəsində aparılan kompleks arxeoloji tədqiqatlar zamanı burada 10 arxeoloji təbəqə qeydə alınıb və tədqiq olunmuşdur. Elmi araşdırmalar zamanı Azıx düşərgəsinin III, V-X təbəqələrindən xeyli daş məmulatı və fauna qalıqları tapılmışdır.
 Qarabağ diyarında aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı həyatın inkişafı üçün əlverişli təbii coğrafı şərait olmuşdur. Ərazidə aparılan kompleks elmi tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hələ 1,5 milyon il bundan əvvəl Quruçay vadisində mülayim iqlim şəraitində yaşayan çoxlu heyvanlar olmuşdur. Eyni zamanda Quruçay vadisi, Azıx və Tağlar düşərgələri yerləşən ərazidən qədim insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə etmişlər.
 1968-ci ilin iyun ayında M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyası Azıx düşərgəsinin V təbəqəsinin III layında daş məmulatı və heyvan sümükləri ilə bərabər qədim insana məxsus alt çənə aşkar etmişdir. Qədim insana məxsus olan alt çənənin elmi tədqiqi ilə D.V.Hacıyev məşğul olmuşdur. D.V.Hacıyevin apardığı elmi tədqiqatlar zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilmiş və tapıntıya şərti olaraq azıxantrop tipli ibtidai insan adı verilmişdir.
 Məmmədəli Hüseynov Azıx düşərgəsinin ən aşağı təbəqələrində apardığı arxeoloji qazıntılar zamanı mühüm elmi əhəmiyyətə malik maddi mədəniyyət nümunələri aşkar etmişdir. Aşağı təbəqələrin daş məmulatı arasında 4-5 kq ağırlığında olan nəhəng kobud çapma alətlər diqqəti cəlb edir.Məmmədəli Hüseynov Azıx düşərgəsinin daş məmulatmı Əsədulla Cəfərovla birlikdə tədqiq etmiş, düşərgənin VII-X təbəqələrinin maddi mədəniyyət nümunələrinin özünəməxsus cəhətlərini müəyyən etmiş və dünyanın heç bir paleolit düşərgəsindən belə əmək alətləri tapılmadığına gorə, aşağı təbəqələrin arxeoloji tapıntılarına Quruçay mədəniyyəti adı vermişlər. Hazırda Quruçay mədəniyyəti Yaxın Şərq və Qafqaz ərazisində ən qədim arxeoloji mədəniyyət hesab olunur.

Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanlann ilkin məskunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb Azıx düşərgəsinə gətirərmişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla da məşğul olmuşlar. Təbəqələrdən tapılmış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasmm özünəməxsus xüsusiyyətlərinə görə yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçayın adı verilmişdir.


Aparılan elmi tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçməsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun müddətli inkişafdan sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur.
 Məmmədəli Hüseynov 1985-ci il oktyabrın 29-da Kiyev şəhərində "Azərbaycanın qədim paleoliti" adlı doktorluq dissertasiyasmı müdafiə edərək tarix elmləri doktoru alimlik dərəcəsini almışdır.
 1987-ci ildə Məmmədəli Hüseynova professor adı verilmişdir. O, 1971-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafıya institutu Daş dövrü arxeologiyası şöbəsinə rəhbərlik etmişdir.,Şöbəyə rəhbərlik etdiyi 25 il ərzində Azərbaycan paleolit məktəbinin əsası qoyulmuşdur. Eyni zamanda Məmmədəli Hüseynov Bakı Dövlət Universitetində dərs demiş və 1976-1993-cü illərdə Tarix fakültəsində təşkil olunmuş Arxeologiya və etnoqrafiya kafedrasmın müdiri olmuşdur.
 Məmmədəli Hüseynov 6 kitabın və 100-dən artıq elmi əsərin müəllifidir.
Məmmədəli Hüseynov yaradıcılığmın ən məhsuldar bir vaxtında 1994-cü il iyulun 5-də vəfat etmişdir. Lakin M.M.Hüseynovun yaratdığı Azərbaycan paleolit məktəbi bu gün də onun xatirəsini əziz tutur, arzularmı həyata keçirmək yolunda tədqiqat işləri aparır. Təsadüfi deyildir ki, həmin məktəbin nailiyyətlərini Avropada və dünyanm digər ölkələrində yüksək qiymətləndirirlər.

Qaynaqlar:
1.Azərbaycan arxeologiyası I cild.,Bakı: Şərq-Qərb, 2008.- 445 s.
2.Əsədulla Cəfərov "AZƏRBAYCAN PALEOLİT MƏKTƏBİNİN BANİSİ" .,Azərbaycan Arxeologiyası jurnalı,2002.

Əsgər Əsgərli

0 yorum:

Post a Comment

Note: Only a member of this blog may post a comment.